Məhmud Muradov: “Floyd Mayweather ətrafında həmişə 15-20 nəfər olur – bu onun yaratdığı auradır”

Məhmud Muradov: “Floyd Mayweather ətrafında həmişə 15-20 nəfər olur – bu onun yaratdığı auradır”
Azərbaycan əsilli UFC döyüşçüsü Məhmud Muradov dünya boks əfsanəsi Floyd Mayweather ilə şəxsi təəssüratlarını bölüşüb. 2019-cu ildə Mayweather Promotions ilə müqavilə imzalayan Muradov, amerikalı boksçunun həyat tərzi və onu əhatə edən mühiti barədə maraqlı detallar açıqlayıb. Məlum olub ki, Floyd daim insanların əhatəsində olur və bu, onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.
Mayweather-in aurasi: dostlar, səs-küy və planlaşdırılmamış hərəkətlər
Muradov Mayweather ilə vaxt keçirməyin asan olmadığını deyir. Floyd bir anda yerini dəyişə, gecə başqa şəhərdə oyanmağa qərar verə bilər. Ətrafında isə daim 15-20 nəfər olur:
– şəxsi mühafizəçilər,
– yaxın dostları,
– menecerlər və köməkçilər,
– promosyon komandası.
Bu insanlar onunla birgə dünyanın müxtəlif şəhərlərinə səyahət edir. Mayweather ətrafında səs-küy və hərəkətlilik yaratmaqdan zövq alır. Muradov deyir ki, bu, əfsanəvi boksçunun özünü rahat hiss etməsi və pozitiv enerji ilə əhatələnməsi üçün etdiyi bir seçimdir. Maraqlıdır ki, bu partilərdə heç vaxt spirtli içki görmədiyini də vurğulayıb.

Lüks, amma ağıllı həyat: Floyd komandasına necə qayğı göstərir
Məhmud Muradov həmçinin Floyd Mayweather-in maliyyə davranışları barədə danışıb. Floyd, təmtəraqlı həyat tərzi sürsə də, hər şey planlı və ağıllı şəkildə baş verir. Şəxsi təyyarəsində onunla birlikdə yalnız 5-10 nəfər uçur, qalan komanda üzvləri isə adi reyslərlə səfərə göndərilir. Hər birinə bilet, mehmanxana, transferlər təmin olunur və bütün bu logistik xərcləri Mayweather özü qarşılayır.
Muradov deyir ki, bu sistem çox peşəkar şəkildə qurulub – sən sadəcə bileti alırsan və deyirlər ki, uçmağa hazırsan. Otelə gəlirsən, sənə pasportla otaq verilir, amma orada nə qədər qalacağın naməlumdur. Bu isə Floydun spontane və sərbəst həyat üslubunun bir hissəsidir.